Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    
Image

 NİZAMNAMƏSİ

Ümumi müddəalar

Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi (bundan sonra – İnstitut) “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanılması, dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi və ölçmələrin vəhdətinin təmin  edilməsi üzrə dövlət siyasətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra-Komitə) tərəfindən yaradılmışdır.
İnstitut öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Komitənin qərarlarını, Komitə sədrinin əmrlərini və bu Nizamnaməni rəhbər tutur.
İnstitut bu Nizamnamə ilə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün həmin məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyəti ilə məşğul ola, Komitənin buna dair yazılı razılığı ilə təsərröfat cəmiyyətləri və hüquqi şəxslər (eləcə də publik hüqiqi şəxslər) yarada və ya onlarda iştirak edə ,habelə idarəı,filial,mərkəz və nümayəndəliklər yarada bilər.
İnstitut publik hüquqi şəxsdir və bu Nizamnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyət göstərir.
İnstitut öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
İnstitut müstəqil balansa, sərəncamında olan əmlakına, banklarda hesablara, habelə xəzinə hesablarına, üzərində öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara, loqotipə (emblemə) və blanklara malikdir.
Publik hüquqi şəxsin tam adı: “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsidir.
İnstitutun hüquqi ünvanı: Nərimanov rayonu, E.İsaqzadə qəsəbəsi, 7-ci köndələn küçəsi.
 
İnstitutun fəaliyyət istiqamətləri
 
2.1. İnstitutun fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində fundamental,tətbiqi, elmi, eksperimental işlərin aparılması, bu sahədə elmi-texniki fəaliyyətin aparılması,istiqamətləndirilmiş proqramların yaradılması və tətbiq edilməsi:
2.1.2. dövlət büdcəsi vəsaiti hesabına dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması (və yaxud yaradılması) qorunub saxlanılması, tutuşdurulması;
2.1.3. ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində normativ sənədlərin yaradılması üzrə işlərin aparılması;
2.1.4. Azərbaycan Respublikasının normativ hüquqi aktlarının layıhəsində göstərilən ölçmələrə, standart nümunələrə və ölçmə vasitələrinə qoyulan tələblərin metroloji ekspertizasının aparılması;
2.1.5. metrologiya üzrə dövlətlərarası, regional və beynəlxalq elmi-texniki əməkdaşlıqda iştirak etmək,bu təşkilatlarda iş aparmaq və özünü təqdim etmək;
2.1.6. regional və beynəlxalq metrologiya təşkilatları çərçivəsində milli etalonların tutuşdurulmasında iştirak etmək;
2.1.7.  laboratoriyalararası tutuşdurmalarda iştirak etmək;
2.1.8. istehsalatın metroloji təminatında, alqı-satqı əməliyyatlarında və digər təsərrüfat sahələrində sahibkarlara elmi-metodiki köməklik göstərilməsi;
2.1.9. təsərrüfat subyektləri ilə bağlanmış muqavilə əsasında  ölçmə vasitələrinin muqayisəli yoxlanılması və kalibrlənməsinin həyata keçirilməsi və muvafiq sertifikatın verilməsi;
2.1.10. ölçmə vasitələrinin verilmiş tipə uyğunluğunun təsdiq edilməsi məqsədilə  sınaqların keçirilməsi;
2.1.11. ölkəyə idxal olunan ölçmə vasitələrinin tipə uyğunluğun təsdiqinin tanınması məqsədi ilə təqdim olunan sənədlərin metroloji ekspertizasının keçirilməsi;
2.1.12. ölçmə vasitələrinin və standart nümunələrin dövlət reyestrinin aparılması;
2.1.13. inşaat materiallarının , ərzaq və qeyri-ərzaq məhsullarının radionuklid tərkibinin təyin edilməsi məqsədi ilə spektrometrik analizlərin aparılması;
2.1.14. ölçmələrin vəhdətinin təmin edilməsi üzrə məlumat fondunun yaradılması, həmçinin ora daxil olan sənədlərin və məlumatların təqdim edilməsi;
2.1.15. milli etalon bazasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
2.1.16. ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak etmək;
2.1.17. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdəfəaliyyət göstərmək.
 
İnstitutun hüquq və vəzifələri
 
3.1. İnstitut aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak edir;
3.1.2. Dövlət etalonları bazasını formalaşdırır və inkişaf etdirir;
3.1.3.Dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinin təmin edilməsi
3.1.4. sahələr üzrə dövlət kəmiyyət vahidləri etalonlarının laboratoriyaları yaratmaq;
3.1.5. regional və beynəlxalq metrologiya təşkilatları çərçivəsində milli etalonların tutuşdurulmasında iştirak etmək;
3.1.6. laboratoriyalararası tutuşdurmalarda iştirak etmək;
3.1.7. istehsalatın metroloji təminatında, alqı-satqı əməliyyatlarında və digər təsərrüfat sahələrində sahibkarlara elmi-metodiki yardımın göstərilməsi;
3.1.8. milli etalon bazasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
3.1.9. ölçmə vasitələrinin müqayisəli yoxlamasını və kalibrlənməsini təminetmək;
3.1.10. ölçmələrin yerinə yetirilməsi üsullarının attestasiyasını təmin etmək;
3.1.11. ölçmə vasitələrinin dövlət sınaqlarını aparmaq;
3.1.12. ölçmə vasitələrinin tipini təsdiq etmək və bu barədə müvafiq sənəd vermək;
3.1.13. dövlət kəmiyyət vahidləri etalonlarının texniki tələblərə əsasən qorunub saxlanmasını və beynəlxalq tutuşdurmalarda iştirakını təmin edir;
3.1.14. ölkə ərazisində ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində vəziyyəti təhlil edir və təhlilin nəticələri ilə bağlı təkliflər hazırlayır;
3.1.15. elmi-texniki tərəqqinin inkişafı nəticəsində beynəlxalq aləmdə ölçmələrin dəqiqliyinin artırılması sahəsində baş verən yenilikləri öyrənərək təhlil edir və təhlilin nəticələrinə əsasən dövlət etalonlarının təkmilləşdirilməsinə dair təkliflər verir;
3.1.16. metrologiya və ölçmələrin vəhdətinin təmin olunması sahəsində dövlət proqramlarının hazırlanmasında iştirak edir;
3.1.17. dövlət kəmiyyət vahidləri etalonları sahəsində standartlar, qaydalar, tövsiyələr və təlimatlar fondunu yaradır;
3.1.18. vətəndaşların qəbulunu təşkil edir, ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin edir;
3.1.19. ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində kadr hazırlığının təmin edilməsi məqsədilə təlim mərkəzi yaradır, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;
3.1.20. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər vermək, tədbirlər görmək;
3.1.21. fəaliyyəti ilə bağlı daxil olan müraciətləri cavablandırmaq, vətəndaşların qəbulunu həyata keçirmək və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.22. dövlət və kommersiya sirrinin qorunması üçün, habelə fəaliyyəti ilə bağlı digər təhlükəsizlik tədbirlərini görür;
3.1.23. dövlət kəmiyyət vahidi etalonlarının və balansında olan digər əmlakın muhafizəsini təşkil edir;
3.1.24 fəaliyyəti ilə bağlı arayış və hesabatlar hazırlamaq və Komitəyə təqdim etmək;
3.1.25. normativ hüquqi aktlar və Komitə tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirmək;
3.1.26. qanunvericiliklə həvalə olunmuş digər vəzifələri həyata keçirmək.
   
3.2. İnstitut aşağıdakı hüquqları həyata keçirir:
3.2.1. ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsinə dair təklifləri Komitəyə təqdim etmək;
3.2.2. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.3. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət  tənzimlənməsinin şamil edildiyi sahələrdə  istismar  edilən  ölçmə  vasitələri  istisna  olmaqla,  hüquqi  şəxslərin  metroloji xidmətlərinə  qanunvericiliyə  uyğun  olaraq  müqayisəli  yoxlama  və  kalibrlənmə  işlərinin aparılması hüququnu vermək;
3.2.4. xarici və yerli ekspertləri, məsləhətçiləri (mütəxəssisləri), məsləhətçi şirkətləri və elmi təşkilatları qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.5. dövlət kəmiyyət vahidləri etalonlarının  qorunub saxlanması, dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində elmi tədqiqat işlərinin həyata keçirilməsini təşkil etmək;
3.2.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;
3.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.8. fəaliyyət istiqamətləri üzrə müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək;
3.2.9. göstərilən xidmətlərə görə ödəniş almaq;
3.2.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
 
İnstitutun idarəetmə orqanları
 
4.1.Ümumi yığıncaq
İnstitutun ali idarəetmə orqanı iştirakçılarının ümumi yığıncağıdır (bundan sonra- ümumi yığıncaq).
Ümumi yığıncağın müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:
nizamnamənin, ona dəyişikliklərin və strukturu təsdiq etmək;
nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
inkişaf istiqamətlərinin və strategiyasının müəyyən edilməsi, illik maliyyə hesabatlarının və biznes planının təsdiqi;
icra orqanının (təkbaşçı) yaradılması və rəhbərinin, eləcə də struktur bölmələrinin rəhbərinin təyin edilməsi, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
təsərrüfat cəmiyyətlərinin və digər hüquqi şəxslərin (eləcə də publik hüquqi şəxslər) yaradılması və ya onlarda iştirak habelə idarə, filial, İnstitut və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi;
publik hüquqi şəxsin fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən zəruri məlumatları almaq;
İnstitutun ştat vahidlərini və işçilərin əmək haqqını müəyyən etmək;
publik hüquqi şəxsin ləğvi və yenidən təşkili ilə bağlı təşəbbüs göstərmək.
Azərbaycan Respublikası adından İnstitutun təsisçisi və iştirakçısı kimi Komitə çıxış edir və bu Nizamnamənin 4.1-ci bəndində müəyyənləşdirilmiş səlahiyyətləri Komitə sədri bilavasitə yerinə yetirir.
İnstitutun illik fəaliyyətinin yekunlarına dair hesabat, o cümlədən maliyyə hesabatı, inkişaf perspektivləri, strategiya və biznes planları maliyyə ili başa çatdıqdan sonra iki aydan gec olmayaraq Komitəyə təqdim edilir.
 
İnstitutun icra orqanı

4.2.1. İnstitut Komitə sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Baş direktor idarə edir. Baş direktor olmadıqda, İnstitutun cari fəaliyyətinə rəhbərlik Komitə sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Baş direktorun müavini tərəfindən həyata keçirilir. 
4.2.2. İnstitutun Baş direktoru:
4.2.2.1.İnstitutun cari fəaliyyətinə rəhbərlik edir, onun operativ idarə olunmasını həyata keçirir və bu fəaliyyət üçün tam məsuliyyət daşıyır;
4.2.2.2. publik hüquqi şəxsin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir;
4.2.2.3. öz səlahiyyəti daxilində publik hüquqi şəxsin adından müqavilələr bağlamaq, etibarnamələr vermək, müvəkkil banklarda publik hüquqi şəxsin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı sərəncam vermək;
4.2.2.4. səlahiyyətləri çərçivəsində İnstitutun fəaliyyətinə dair işçilər uçun icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, onların icrasına nəzarət edir;
4.2.2.5. Komitədə qəbul edilmiş qərarların, Komitə sədrinin əmrlərinin vaxtında və lazımi qaydada icra olunmasını təmin edir;
4.2.2.6. Qanunvericiliyin tələblərinə riayət etməklə İnstitutun maddi vəsaitlərinin uçotunu təşkil edir, onlardan istifadəyə nəzarət edir, maliyyə və vergi hesabatlarını imzalayır, öz səlahiyyəti çərçivəsində qanunvericiliyin tələblərinə riayət etməklə İnstitutun əmlakına və maliyyə vəsaitlərinə dair sərəncam verir;
4.2.2.7. İnstitutun işçilərini (Komitə sədri tərəfindən təyin edilən İnstitutun struktur bölmə rəhbərləri istisna olmaqla) vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam-tənbeh tədbirlərini görür;
4.2.2.8. İnstitutun işçiləri ilə əmək müqavilələri və digər müqavilələr bağlayır, işçilərin əməyinin ödənilməsini və onların peşəkarlıq səviyyəsinin artırılmasını təşkil edir;
4.2.2.9. öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirmək;
4.2.2.10. Publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək;
4.2.2.11. İnstitutun kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.2.2.12. Dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görür;
4.2.2.13. İnstitutdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;
4.2.2.14. İnstitutun illik fəaliyyətinin yekunlarına dair hesabat, o cümlədən maliyyə hesabatı, inkişaf perspektivləri, strategiya və biznes planları maliyyə ili başa çatdıqdan sonra iki aydan gec olmayaraq Komitəyə təqdim edir.
4.2.2.15. Bu Nizamnamə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsisçinin səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir.
 
Nizamnamə fondu, əmlakının formalaşma mənbələri,
maliyyə fəaliyyətinin əsasları
 
5.1. İnstitutun nizamnamə fondu “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanını 1.6-cı bəndinə uyğun verilən əmlak hesabına formalaşır və 3122432,6 (üç milyon bir yüz iyirmi iki min dörd yüz otuz iki, 6)  manatdır (456357, 38 manat pul, 2666075, 22 manat əmlak şəkilində)
5.2. İnstitutun əmlakı nizamnamə fondundan, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına uyğun  verilmiş digər əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitlərdən, Fərmanın 4-cü hissəsinə uyğun olaraq, bu Nizamnamə uyğun həyata keçrilən fəaliyyətlə əlaqədar əldə etdikləri gəlirlər (o cümlədən aldıqları kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) hesabına formalaşır.
5.3. Əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi qanunvericiliyin tələbləri və bu Nizamnamə ilə müəyyən edilən səlahiyyətləri nəzərə alınmaqla İnstitutun Baş direktoru tərəfindən həyata keçirilir.
5.4. Komitə yaratdığı publik hüquqi şəxsin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün publik hüquqi şəxsə verdiyi əmlakın dəyəri həddində risk daşıyır.
5.5. Daxilolmalar Fondu bu Nizamnamənin 5.2-ci bəndində nəzərdə tutulan daxilolmalar (Nizamnamə fondu istisna olmaqla) və qanunla qadağan olunmamış digər maliyyə mənbələri hesabına formalaşır, fəaliyyət istiqamətləri üzrə investisiyaların qoyulması və ödənişlərin həyata keçirilməsi məqsədi ilə istifadə edilir.
5.6. İnstitut mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.
5.7. İnstitutun əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi qaydası qanunvericiliklə və bu Nizamnamə ilə müəyyən edilir.
5.8. İnstitutun əmlakı bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.
5.9. Maliyyə ilinin sonuna İnstitutun hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
5.10. İnstitut öz fəaliyyətinin nəticələrinin qanunvericiliyə uyğun uçotunu aparır.
 
İnstitutun fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması
 
İnstitut fəaliyyəti barədə məlumatların ictimaiyyətə çatdırılmasını mütəmadi qaydada həyata keçirir.
 
İnstitutun ləğvi və yenidən təşkili
 
Hüquqi şəxsin ləğvi və yenidən təşkili Komitə tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər müvafiq qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir.